AzMİU-da ənənəvi Karyera sərgisi keçirilib.

Aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də universitetimizlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.

Sərgini giriş nitqi ilə açan Təcrübə və Karyera Mərkəzinin rəhbəri Xanlar Qəniyev vurğulayıb ki, universitet rəhbərliyi tələbələrin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik göstərir. Sərgidə 80-ə yaxın dövlət qurumu, özəl şirkət və müəssisələrin iştirak etdiyini deyən X.Qəniyev məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 200-dən çox iş yerləri təklif olunduğunu bildirib. O qeyd edib ki, sərgidə ölkənin aparıcı şirkətlərindən SOCAR, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni QSC, Azəbaycan Dəmir Yolları QSC, Azərsu ASC, Azərişıq ASC, Azəristiliktəchizat ASC, Azəriqaz İB, Holcim, Norm ASC, PMD Projects MMC, AzerGold QSC, Kapital Bank, Təmiz Şəhər ASC, Azercell və digər şirkətlər iştirak edir.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisini açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub. AzMİU-da artıq 3-cü dəfə keçirilən sərginin tələbə və məzunlarımıza karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb. “Sərgiyə universitetin əməkdaşlıq etdiyi dövlət qurumları, özəl şirkətlər, həmçinin ölkənin aparıcı müəssisələri qoşulub. Bu çox təqdirəlayiq haldır. Bu cür sərgilər gənclərlə şirkətlər arasında körpü yaradaraq onların uğurlu karyera qurmaları üçün böyük önəm kəsb edir”.

Rektor AzMİU-da Təcrübə və Karyera Mərkəzinin və Strateji planlaşdırma şöbəsinin fəaliyyət göstərdiyini və tələbələr üçün mütəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan resursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil etdiyini qeyd edib.

Sərgidə iştirak edən Zəfəroğlu İnşaat MMC-nin direktoru Zəfər Məmmədov, Holcim Azərbaycan şirkətinin baş direktoru Xalid Samakaya ali təhsil və istehsalatla əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda məzunların karyera imkanlarının artırılması üçün belə sərgilərin böyük əhəmiyyət daşıdığını bildiriblər.

Çıxışlardan sonra AzMİU-nun rektorluğu və müəlllimlər sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb.

Onu qeyd edək ki, 1000-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində məzunlar şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər, şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.

Qeyd edək ki, Karyera Sərgisində müxtəlif şirkətlərin təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə ediblər. Onlar tələbələrin vakant yerlərə maraq göstərdiklərini, şirkətlərin fəaliyyəti ilə tanış olduqlarını yaxşı hal kimi dəyərləndiriblər.