Payız-qış mövsümü 15 noyabrda başlayır və bu qayda bütün dövlət qurumları üçün tətbiq edilir.

Mətbuatda və ictimaiyyət arasında istilik mövsümünün başlanma tarixi ilə bağlı bir neçə gündür müzakirələr gedir.

Qeyd etmək istərdik ki, bütün dövlət qurumlarında, o cümlədən "Azəristiliktəchizat" ASC-də payız-qış mövsümünə 15 noyabr tarixindən etibarən başlayır və bu qayda bütün dövlət qurumları üçün qanunvericiliklə istisnasız olaraq tətbiq edilir. Balansında qazanxanalar olan digər dövlət qurumları da mövsümə məhz 15 noyabr tarixindən start verir. Nəzərinizə çatdıraq ki, respublikadakı məktəblərin 6, bağçaların isə 8 faizi "Azəristiliktəchizat" ASC tərəfindən istiliklə təmin edilir.

"Azəristiliktəchizat" ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın  temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur.

2022-2023-cü illər istilik mövsümündə ümumilikdə 564 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə istehlakçıların istiliklə təmin edilməsi nəzərdə tutulur.