Azəristiliktəchizat ASC öz fəaliyyətini müasirləşdirmək və səmərəliləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ESD sisteminin qurulmasını uğurla yekunlaşdırmışdır. ESD sisteminin tətbiqi üzrə əməkdaşların ilk qrupunun praktik təlimi aparılmışdır. Müasir rəqəmsal ESD sisteminin tətbiqi Azərbaycan Respublikası Prezidentinin Azəristiliktəchizat şirkətinin fəaliyyətinin müasirləşdirilməsi və səmərəliliyinin artırılmasını nəzərdə tutan 29 Aprel 2022-ci il tarixli sərəncamının icrasına töhfə verməkdir. ESD sisteminə keçidin təmin edilməsi məqsədilə "Azəristiliktəchizat" ASC-nin əməkdaşları üçün 28 sentyabr 2022-ci il tarixində "Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri" mövzusunda ilk onlayn praktik təlim keçirilib. Təlim zamanı sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu iştirakçıların diqqətinə çatdırılıb. Habelə, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları barədə məlumat verilmişdir. Təlimdə elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və bir sıra digər mövzular barədə iştirakçılar məlumatlandırılıb və müzakirələr aparılıb. Qeyd edək ki, şirkətin bütün peşəkar heyəti üçün "Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri" mövzuları üzrə təlimlərin təşkil olunmasının davam etdirilməsi nəzərdə tutulur.