Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə “Azəristiliktəchizat” ASC-nin daxilində antikorrupsiya standartlarının formalaşdırılmasına başlanılmışdır. Nəzərdə tutulan struktur dəyişiklikləri çərçivəsində əməliyyat və korrupsiya risklərinin qiymətləndirilməsi, habelə idarə edilməsi üzrə məsul struktur bölmənin təyin olunması prioritet hədəflərdəndir.
Abonentlərə istilik haqlarının yığılması zamanı “Azəristiliktəchizat” ASC-nin əməkdaşlarına nağd ödənişlərin edilməməsi ilə bağlı dəfələrlə məlumat verilmiş və borca dair bildirişin üzərində müvafiq məlumatlar qeyd edilmişdir.
İstilik haqlarının ödənişi zamanı şəffaflığın artırılması məqsədilə bütün abonentlər Hökümət Ödəniş Portalına inteqrasiya olunmuş və vətəndaşlara borcları istənilən bank, poçt şöbələrində, Asan Xidmət vasitəsi ilə və istənilən bank kartı ilə internet üzərindən (gpp.az, asanpay.az, hesab.az saytları, eyni zamanda e-manat.az, million.az, kassam.az saytları və ölkə ərazisində fəaliyyət göstərən ödəniş terminalları vasitəsilə) ödəyə biləmələri üçün şərait yaradılmışdır.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar aparılan genişmiqyaslı tədbirlər çərçivəsində 956 qısa nömrəli “Çağrı mərkəzi” xidmətinin fəaliyyəti təkmilləşdirərək zənglərdə növbəlilik sistemi təmin edilib, 20 zəngi eyni anda qəbul etmə imkanı yaradılıb. Vətəndaşların problemləri ilə bağlı müraciətlərin qəbulu təxirə salınmadan aparılır, daxil olan bütün müraciətlər araşdırılır, onların başvermə səbəbləri aşkar edilir.
Şəffaflığın daha da artırılması və korrupsiya risklərinin azaldılması məqsədi ilə antikorrupsiya@azeristilik.gov.az elektron ünvanında məlumatlandırma xətti yaradılıb. Cəmiyyətin hər hansı bir əməkdaşının fəaliyyətində qanun pozuntuları müşahidə edilərsə, bu haqda şirkətin məlumatlandırma xətti vasitəsi ilə açıq və ya anonim şəkildə məlumat verilə bilər. Təqdim edilən məlumatların həqiqətə uyğun olub-olmaması yoxlanılır, müvafiq tədbirlər görülərək müraciət müəlliflərinə nəticəsi barədə məlumat verilir.
“Azəristiliktəchizat” ASC-də işə qəbul prosedurlarında şəffaflığın artırılması, bu sahəyə yeni gənc kadrların və mütəxəssislərin cəlb olunması, ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı vakant yerlər haqqında məlumatlar öncədən cəmiyyətə aid informasiya məkanında – cəmiyyətin rəsmi intermet səhifəsində və sosial media hesablarında, həmçinin müxtəlif iş elanları saytlarında paylaşılaraq, müraciət etmələri üçün şərait yaradılmışdır.
Bundan başqa, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.