Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Suallar
“Azəristiliktəchizat” ASC –yə necə müraciət edə bilərəm?

“Azəristiliktəchizat” ASC-nin 24 saat fasiləsiz xidmət göstərən 956 qısa nömrəli “Çağrı Mərkəzi” ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Cəmiyyətə sosial şəbəkələrdəki rəsmi korporativ hesabları üzərindən müraciət edə və yaxud  info@azeristilik.gov.az elektron ünvanına şikayət və təkliflərinizi ünvanlaya bilərsiniz. Həmçinin, vətəndaşlar rəsmi internet saytımızın "Elektron müraciət" bölməsinə daxil olaraq onlayn qaydada təklif və şikayətlərini göndərə bilərlər.

“Azəristiliktəchizat” ASC-nin məsuliyyət zonasına nələr daxildir?

“Azəristiliktəchizat” ASC-nin məsuliyyət zonası binadaxili sahəyə qədər nəzərdə tutulan infrastruktur və obyektləri əhatə edir. Cəmiyyətin cavabdeh olduğu sahələrə balansında olan qazanxanalar, magistral və məhəllədaxili istilik xətləri daxildir. Çoxmənzilli yaşayış binalarının istilik təchizatı, habelə həmin binalardakı mənzillərin istilik sistemlərinin saxlanılması, təmiri və bərpası isə mövcud normativ-hüquqi aktlarla tənzimlənir. 2009-cu ildə qəbul edilərək qüvvədə olan Mənzil Məcəlləsinin 29-cu maddəsinə əsasən, binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və bərpası mənzil mülkiyyətçilərinin öhdəliyinə daxildir.

Qeyd etmək istərdik ki, “Azəristiliktəchizat” ASC heç bir əlavə dövlət maliyyəsi cəlb etmədən korporativ sosial məsuliyyət proqramları çərçivəsində bir sıra binaların daxili istilik sistemlərini və infrastrukturunu  vəsaiti hesabına bərpa etmiş və ya yeniləmişdir.

 

Payız-qış mövsümü hansı tarixlərdə başlayır və bitir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli qərarına əsasən:

  • Bakı şəhəri və digər rayonlarda: 15 noyabr – 15 aprel,
  • Dağlıq rayonlarda: 1 noyabr – 1 aprel tarixləri payız-qış mövsümü hesab olunur.
Abonent kodunu necə öyrənmək olar?

Abonent kodunu istehlakçılar (012) 480-45-62 və ya (012) 371-48-13 nömrələri ilə əlaqə saxlamaqla, eləcə də “Azəristiliktəchizat” ASC-nin 956 saylı "Çağrı Mərkəzi"nə müraciət etməklə dərhal öyrənə bilərlər. Bundan başqa, info@azeristilik.gov.az elektron poçt ünvanına məktub göndərməklə müraciət etmək mümkündür. Bununla bağlı, Cəmiyyətə sosial şəbəkələrdəki rəsmi korporativ hesabları üzərindən də sorğu ünvanlana bilər. Həmçinin istehlakçılar, əraziyə xidmət göstərən İstilik Sistemləri İstismar Sahəsi ilə də birbaşa əlaqə yarada bilərlər.

 

İstilik təchizatına görə ödənişlər hansı qaydada hesablanır?

İstilik təchizatına görə ödənişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən aparılmaqdadır. Hesablaşmalar mənzilin ümumi sahəsi üzrə aparılır və hər kvadratmetr üçün aylıq tarif müəyyənləşdirilir. 

 

İstilik tarifləri necə müəyyən olunur? (əhali istehlakçı qrupu üzrə)

Qanunvericiliyə əsasən “Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. “Azəristiliktəchizat” ASC bu xidmət üzrə tarifləri müəyyən edən orqan deyil.  Mənzilin ümumi sahəsinin 1 m² üçün aylıq istilik haqqı sayğac quraşdırılmadığı halda 0,45 manat , sayğac quraşdırıldığı halda isə 1 Qkal üçün 21 manat olaraq təsdiq edilmişdir.

İstilik tarifləri necə müəyyən olunur? (qeyri-əhali istehlakçı qrupu üzrə)

Qeyri- əhali istehlakçı qrupu üzrə istilik təchizatı xidmətləri üzrə tariflər 1 m3 tikinti həcmi üçün üçün sayğac quraşdırılmadığı halda aylıq 0.38 manat, sayğac quraşdırıldığı halda isə 1 Qkal üçün 65,65 manat olaraq müəyyən edilmişdir. 

İstilik haqlarını harada və necə ödəmək olar?

İstilik haqlarına dair ödənişlərinizi bank və poçt şöbələrində, Asan Xidmət vasitəsi ilə və eyni zamanda istənilən plastik kart ilə internet üzərindən ölkə ərazisində fəaliyyət göstərən bütün online ödəniş sistemləri və ya terminalları vasitəsilə (hesab.az, kassam.az saytları, eyni zamanda e-manat.az, millon.az saytları və aparatları vasitəsi ilə) həyata keçirə bilərsiniz.

"Ümumi sahə" anlayışı nə deməkdir və istilik təchizatı xidmətinə görə ödənişlərdə hansı rol oynayır?

Ümumi sahə – mənzilin və ya binanın bütün daxili məkanlarının (divarlar daxil olmaqla) sahəsinin cəmi deməkdir. Mənzilin ümumi sahəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışında qeyd olunur.

İstilik təchizatı xidmətinə görə ödənişlər ümumi sahə əsasında hesablanır, yəni abonentin istifadəsində olan sahənin hər kvadrat metri üçün müəyyən edilmiş tarif tətbiq olunur.

Abonent məlumatlarımda yanlışlıq var. Bu məlumatlar necə dəyişdirilir?

Abonent məlumatlarında dəyişiklik yalnız müvafiq sənədlər əsasında aparılmaqdadır. "Azəristiliktəchizat" ASC-yə rəsmi qaydada müraciət edilməli, mülkiyyət hüququnu və şəxsiyyəti təsdiq edən sənədlərin surəti təqdim edilməlidir.

Mənzillərə ötürülən istilik enerjisinin temperaturu hansı qaydada tənzimlənir?

Payız-qış mövsümü ərzində mənzillərə ötürülən istilik enerjisinin temperaturu havanın cari şəraitindən, yəni ətraf mühitin temperaturundan asılı olaraq rəsmi təsdiq olunmuş istilik qrafikinə uyğun şəkildə tənzimlənir.  Qış aylarında ötürülən istiliyin miqdarı artırılır, havalar nisbətən isindikcə isə istilik verilməsi də müvafiq qrafiklə azaldılır. Məqsəd mənzillərdə komfort temperaturun təmin olunması və enerji sərfiyyatının optimallaşdırılmasıdır.

Mənzil daxilində bəzi otaqların istiliklə təminatı qənaətbəxş deyil. Bunun əsas səbəbi nədir?

Əgər mənzilin hər hansı bir otağı lazımı qədər istilik ala bilirsə, bu o deməkdir ki, qazanxananın fəaliyyəti qənaətbəxşdir və binaya qədər istiliyin verilməsində heç bir problem yoxdur.  Bu, adətən iki amillə bağlı olur:

  • Mənzildaxili istilik xətlərində nasazlıq və ya hava tıxaclarının yaranması;
  • Binadaxili ümumi istilik şəbəkəsində balanssızlıq.

Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən mənzildaxili istilik avadanlıqlarının istismarı, texniki qulluq və təmiri mülkiyyətçinin məsuliyyətinə daxildir.

Binada mənzillərin böyük qisminin istilik təchizatı normal səviyyədədir. Lakin mənim mənzilim istilik almır. Bu problemin həllinə necə kömək edə bilərsiz?

Problem birbaşa olaraq mənzildaxili istilik xətləri ilə əlaqədardır. Qeyd edilən xətlərin texniki vəziyyətinin təmin olunması və  yaranmış nasazlıqların aradan qaldırılması mənzil sahibinin məsuliyyətinə aiddir.

Bununla belə, "Azəristiliktəchizat" ASC korporativ sosial məsuliyyət prinsiplərini əsas götürərək mənzil sahibinin yazılı müraciəti əsasında texniki baxış keçirə və mümkün imkanlar çərçivəsində müvafiq dəstək göstərə bilər.

Mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmədiyiniz halda abonentlərin siyahısında müvafiq qeydiyyat aparılması üçün nə etmək lazımdır?

Yaşadığınız bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunsa da, mənzilinizdə fərdi qızdırıcı avadanlıqdan (məsələn, kombi və ya digər üsuldan) istifadə edilirsə mövcud qaydalara əsasən müəyyən prosedurlar yerinə yetirilməlidir. Bu zaman mənzildən keçən ümumi istilik xətləri – yəni dik dayaqlar toxunulmaz saxlanılmaqla, mənzil daxilində quraşdırılmış qızdırıcı cihazlar ümumi şəbəkədən ayrılmalıdır. Daha sonra “Azəristiliktəchizat” ASC-yə rəsmi qaydada müraciət edilməli, Sizin iştirakınızla müraciət əsasında mənzilə baxış keçirməli və vəziyyət barədə müvafiq akt tərtib olunmalıdır. Akt əsasında Müştəri Xidmətləri mənzilinizin mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmədiyini rəsmiləşdirərək qeydiyyata alacaqdır.

Radiator sızır və ya zədələnib. Yenilənməsi kim tərəfindən təmin edilməlidir?

Radiatorların texniki vəziyyətinə nəzarət və zərurət yarandıqda onların dəyişdirilməsi birbaşa mənzil sahibinin öhdəliyindədir. Əgər radiator istismara yararsız hala düşmüşsə, onun vaxtında yenisi ilə əvəzlənməsi vacibdir. Sızmalar ümumi istilik dövriyyəsinə mənfi təsir göstərir və həmçinin mənzillərdə su basma riski yaradır.

Mərkəzi istilik sisteminə müdaxilə istilik təminatına necə təsir göstərir?

Ümumi istilik sisteminə qanunsuz müdaxilə  məsələn, ventillərin bağlanması və ya sistemin balansının dəyişdirilməsi  binanın digər mənzillərində istiliyin ötürülməsini poza bilər. Bu cür müdaxilə “Mənzil Məcəlləsi”nə ziddir və qanunla qadağandır. Belə hallarda məsələ müvafiq idarəçi qurum vasitəsilə həll olunmalıdır.

Texniki şərtlər hansı hallarda verilməlidir?

-Yeni tikilən obyektlərin istilik və istu su təchizatı üçün;

-İstehlakçıya məxsus istilik istehlakı qurğularının genişləndirilməsi və ya yenidən qurulması ilə əlaqədar istehlak edilən istilik gücünün dəyişməsi (və ya istilik daşıyıcılarının parametrlərinin dəyişməsi) nəticəsində mövcud texniki şərtin tələblərindən kənara çıxma olduqda;

-İstilik mənbələrinə əvvəllər qoşulmamış obyektlərin qoşulması və xarici istilik və isti su təchizatı sxeminin dəyişməsi ilə əlaqədar;

-Mövcud torpaq sahəsinin ərazisindən istilik şəbəkələrinin çıxarılması ilə əlaqədar (mövcud torpaq sahəsinin ərazisindən istilik şəbəkələrinin çıxarılması üçün verilən texniki şərt istilik və isti su təchizatı xidmətlərinin göstərilməsi üçün texniki şərtin verilməsinə əsas vermir);

-İstilik şəbəkələrinin yenidən qurulması.

Hansı hallarda Texniki şərtlərin verilməsindən imtina edilir?

Nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda);

Təqdim edilən sənədlərdə qeyri-dürüst məlumatlar olduqda;

İstilik və isti su təchizatı xidmətlərinin göstərilməsi nəzərdə tutulan obyektin yerləşdiyi əraziyə yaxın ərazidə istilik mənbəyi və ya mövcud istilik mənbəyində tələb olunan həcmdə sərbəst istilik gücü olmadıqda (təsdiqedici sənəd və hesabatlar təqdim edilməklə).

Yeni tikilən binaların istiliklə təminatı mümkündürmü?

“Azəristiliktəchizat” ASC-nin mənbələrindən istilik enerjisi ilə təmin edilən 16 Mənzil-Tikinti Kooperativinə (MTK) məxsus hündürmərtəbəli yaşayış binası mövcuddur. Ümumilikdə isə, 3800-dən çox yaşayış binası istilik təchizatı şəbəkəmizə qoşulub. Yəni, təcrübəmizdə belə hallar qeydə alınıb. Yeni tikililərin məxsus olduğu MTK-lar bununla bağlı texniki şərt almaq üçün müvafiq müraciət etməlidir. Əgər yaxınlıqda istilik mənbəyi,  yəni qazanxana varsa və həmin binanın istiliklə təminatı digər mənzillərin istilik təminatında keyfiyyətə mənfi təsir etməyəcəksə, müraciətə müsbət cavab verilə bilər.

İsti su tarifləri necə müəyyən olunur?

Cəmiyyət tərəfindən göstərilən isti su xidməti tarifləri faktiki xərclər, habelə əhalinin bütün təbəqələrinin maraqları nəzərə alınmaqla müəyyənləşdirilib. 

Yaşadığımız binanın zirzəmisində axıntı müşahidə edilir. Bu necə və kim tərəfindən aradan qaldırılmalıdır?

Yaşadığınız binanın zirzəmisində müşahidə olunan axıntı binanın daxili infrastrukturuna aiddir və bu məsələnin həlli mənzil mülkiyyətçilərinin səlahiyyətinə daxildir. “Azəristiliktəchizat” ASC-nin məsuliyyət zonası binadaxili sahəyə qədər nəzərdə tutulan obyekt və infrastrukturla məhdudlaşır. 

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC öz korporativ sosial məsuliyyət proqramları çərçivəsində bəzi binaların daxili istilik sistemlərinin və infrastrukturlarının bərpasını və yenilənməsini əlavə dövlət maliyyəsi tələb etmədən həyata keçirmişdir.