İstehlakçıların istilik təchizatı mənbələrinə qoşulması mövcud qanunvericiliyə uyğun olaraq texniki şərtlər əsasında həyata keçirilməkdədir. İstilik mənbələrinə qoşulmaq istəyən vətəndaşlara texniki şərtlər Bakı şəhərində yerləşən 1 saylı Asan Kommunal Mərkəzi vasitəsilə təqdim edilməkdədir.
Bunun üçün binanın balans saxlayıcısı və ya mülkiyyətçisi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) mərkəzlərə müraciət edilməlidir.
Balans saxlayıcısı və ya mülkiyyətçi texniki şərtlərə müvafiq obyektin istilik təchizatı sisteminin layihələndirilməsini həyata keçirməlidir. Eyni zamanda, texniki şərt üzrə müəyyən edilən işlər,o cümlədən, istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri balans saxlayıcısı və ya mülkiyyətçinin öz vəsaiti hesabına həyata keçirilir.
Texniki şərtlərin verilməsi ardıcılığı aşağıdakı qaydalar üzrə aparılır:
- Vətəndaş “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək ərizə yazmalıdır;
- "Azəristiliktəchizat" ASC-yə daxil olan ərizələr Ümumi şöbədə qeydiyyata alındıqdan və rəhbərlik tərəfindən dərkənar imzalandıqdan sonra icra üçün müvafiq şöbəyə təqdim edilir;
- Müvafiq şöbə tərəfindən ərizə istiliklə təmin olunması nəzərdə tutulan ünvanlara uyğun ərazi üzrə xidmət sahəsinə yəni, rayon İSİS-lərinə göndərilir və əməkdaşlar həmin ünvanlara yerində baxış keçirirək istilik şəbəkəsinə qoşulmanın mümkünlüyü ilə bağlı məlumat hazırlanır;
- İSİS-in təqdim etdiyi məlumat əsasında müvafiq şöbənin əməkdaşı tərəfindən texniki şərt üçün müraciət olunan yaşayış və ya qeyri-yaşayış obyektinin istilik tələbatı hesablanır və abonentin həmin ərazidə mövcud olan istilik şəbəkəsinə qoşulmasının mümkünlüyü araşdırılır;
- Mövcud istilik şəbəkəsinə qoşulma mümkün olduğu halda həmin fərdi yaşayış evi və ya qeyri-yaşayış obyekti üçün texniki şərt hazırlanır və təsdiqlənməsi üçün rəhbərliyə təqdim edilir;
- Texniki şərt təsdiqləndikdən sonra sənədin əsli “ASAN Kommunal” vasitəsilə sifaişçiyə təqdim olunur və 1 nüsxəsi icraçıda saxlanılır;
- Sifarişçi texniki şərti aldıqdan sonrakı mərhələdə şərtdə göstərilənlərin icrasını həyata keçirməlidir. İstilik xəttindən fərdi yaşayış evi və ya qeyri-yaşayış obyektinin qoşulma nöqtəsinə qədər istilik tələbatına uyğun istilik xəttinin layihələndirilməsi və quraşdırılma işləri bağlanacaq müqavilə əsasında sifarişçinin vəsaiti hesabına bu sahədə ixtisaslaşmış lisenziyası olan təşkilat tərəfindən yerinə yetirilməlidir;
- İşlənmiş layihə razılaşdırılması üçün “Azərisitiliktəchizat” ASC-yə təqdim olunmalıdır. Layihə Cəmiyyət ilə razılaşdırılmalı və İSİS nümayəndəsinin nəzarəti altında sifarişçi tərəfindən mövcud istilik xəttindən fərdi yaşayış evi və ya qeyri-yaşayış obyektinin qoşulma nöqtəsinə qədər istilik xəttinin çəkilişi həyata keçirilməlidir;
İstiliklə təmin olunması nəzərdə tutulan fərdi yaşayış evi və ya qeyri-yaşayış obyekti üçün tələb olunan müvafiq sənədlər:
- Fərdi yaşayış evi və ya qeyri-yaşayış obyektinin mülkiyyət hüququnu təsdiq edən sənədin surətini (çıxarış) ;
- Texniki pasportun surətini;
- Ərizəçinin şəxsiyyət vəsiqəsinin surətini.
Fərdi yaşayış evi və ya qeyri-yaşayış obyektinin istilik şəbəkəsinə faktiki qoşulması “Azəristiliktəchizat” ASC ilə müqavilə imzalandıqdan sonra həyata keçirilməkdədir.