Azərbaycanda istilik təchizatı sahəsində islahatların optimallaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadə, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında beynəlxalq təcrübə öyrənilməklə sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “EU4Energy” proqramının texniki yardımı ilə Macarıstan təcrübəsi, istilik energetikası sahəsinə yeni yanaşma və texnologiyalar öyrənilib. Onlayn keçirilən seminarda "Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev, şirkətin digər rəhbər işçi və mütəxəssisləri ilə yanaşı Macarıstan və digər ölkələrdə istilik energetikası üzrə çoxillik təcrübəsi olan beynəlxalq ekspertlər iştirak edib.
Beynəlxalq ekspert Vaszilij László Barnisco Macarıstanda mərkəzi istilik sisteminin mövcud imkanları və tarixi icmalı, infrastrukturu, əhatə dairəsi,enerji səmərəliliyi barədə geniş təqdimatla çıxış edib. Təxminən 6 saat davam edən görüşdə ekspert istilik təchizatı sahəsində alternativ və bərpa olunan enerji resurslarından istifadə imkanları haqqında danışıb, istilik təchizatı sistemində innovativ texnologiyalardan istifadənin xidmət səviyyəsinin yüksəldilməsinə bilavasitə təsir etdiyini bildirib.
Müzakirələr çoxsaylı sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.