Ölkəmizdə istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, habelə səmərəliliyin artırılması, bərpa olunan enerji mənbələrindən bu məqsədlə istifadə, xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında beynəlxalq təcrübə öyrənilməklə sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində “EU4Energy” proqramının texniki yardımı ilə “Energie Steirmark Warme GhMB” şirkətinin icraçı direktoru və mütəxəssisləri ilə onlayn görüş keçirilmişdir. Görüşdə "Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev, Cəmiyyətin digər rəhbər işçi və mütəxəssisləri iştirak etmişdir.
Görüş iştirakçılarına Cəmiyyətin fəaliyyəti, qarşıda duran vəzifələr və istilik təchizatı sahəsində islahatlar, ölkəmizdə mərkəzi istlik sisteminin mövcud vəziyyəti və strukturu barədə ətraflı məlumat verilmişdir.
“Energie Steirmark Warme GhMB” şirkətinin rəhbərliyi Avstriyada mərkəzi istilik sisteminin mövcud imkanları, infrastrukturu, əhatə dairəsi, şirkətin biznes modeli, strategiyası, xidmətləri barədə geniş təqdimatla çıxış etmiş, yeni investisiya layihələri, şirkətin gələcək strategiyası, istilik təchizatı sahəsində alternativ və bərpa olunan enerji resurslarından istifadə imkanları ilə bağlı ətraflı məlumat vermişdir.
Görüşdə istilik təchizatı sistemində innovativ texnologiyalardan istifadə məsələlərinə xüsusi diqqət yetirilmişdir.
Müzakirələr çoxsaylı sualların cavablandırılması ilə yekunlaşmış, “Energie Steirmark Warme GhMB” şirkətinin mütəxəssislərinin Azərbaycana dəvəti razılıqla qarşılanmışdır.