Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində kogenerasiya və trigenerasiya qurğularının tətbiqi üzrə pilot layihə ilə bağlı rəsmi görüş keçirilmişdir
06 OKTYABR 2025

Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində kogenerasiya və trigenerasiya qurğularının tətbiqi üzrə pilot layihəyə hazırlıq məqsədilə cəlb olunmuş məsləhətçi “Energazer” MMC şirkəti ilə “Azəristiliktəchizat” ASC arasında ilk rəsmi görüş keçirilmişdir.

Kogenerasiya qurğuları həm elektrik, həm də istilik enerjisini eyni vaxtda istehsal etməklə təbii qaz sərfiyyatına qənaət etməyə və enerji effektivliyini artırmağa imkan yaradır. Trigenerasiya variantında isə, əlavə olaraq, tələbata görə (yay aylarında) soyuqluq enerjisini də istehsal etməklə, məişət və qeyri-məişət istehlakçıların soyuqluq enerjisinə olan müvafiq tələbatı da təmin oluna bilər. Layihə istismar müddəti başa çatmış qazanxanaların əvəzlənməsi istiqamətində, eləcə də yeni yaşayış və qeyri-məişət layihələrində 1–6 MVt istilik enerjisi istehsalı gücünə malik olan kogenerasiya və trigenerasiya qurğularının tətbiqini nəzərdə tutur.

Kogenerasiya və trigenerasiya sahəsində texniki-iqtisadi əsaslandırma, mühəndis dizaynı və pilot layihənin icrası ilə bağlı texniki tapşırığının hazırlanması üzrə müsabiqənin qalibi qismində seçilmiş “Energazer” MMC ilə keçirilən görüş zamanı məsləhətçi şirkət ilkin hesabatını təqdim etmiş, texniki tapşırığın əsas gözlənilən nəticələri müzakirə olunmuşdur. “Azəristiliktəchizat” ASC-nin cari layihədən əsas gözləntiləri qarşı tərəfə çatdırılmış, o cümlədən tutarlı texniki-iqtisadi əsaslandırma nəticələrinin əldə olunması və digər tapşırıqların yüksək səviyyədə icra olunmasının əhəmiyyəti xüsusi vurğulanmışdır.

Texniki-iqtisadi əsaslandırma çərçivəsində kogenerasiya və trigenerasiya qurğularının yerli bazar şəraitində rentabellik şərtləri məsləhətçi “Energazer” MMC şirkəti tərəfindən araşdırılacaq. Pilot layihənin icrası üçün bütün zəruri sənədləşmə, o cümlədən mühəndis dizaynı və texniki tapşırığının da məsləhətçi tərəfindən hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, pilot layihənin məqsədi mövcud istilik təchizatı sistemlərində səmərəliliyin artırılması, qaz sərfiyyatının azaldılması və emissiyaların minimuma endirilməsi vasitəsilə dövlət və özəl sektor üçün iqtisadi cəhətdən əlverişli modelin formalaşdırılmasıdır.