"Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin optimallaşdırılması, istilik təchizatı sahəsində aparılan islahatların dəstəklənməsi və bazar iqtisadiyyatı prinsipləri əsasında beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində ölkəmizdə işgüzar səfərdə olan Dünya Bankının Yaşıl və Dayanıqlı şəhərlər üzrə missiyasının heyəti ilə Cəmiyyətin rəhbərliyi arasında görüş keçirilmişdir. Görüşdə "Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev, Cəmiyyətin rəhbər işçi heyəti, eyni zamanda, Dünya Bankının Baş Mütəxəssisi Ellen Hamilton və Aparıcı Mütəxəssisi Tuo Şid iştirak etmişdir.
Dünya Bankının heyətinə Cəmiyyətin perspektiv inkişafı, qarşıda duran vəzifələr və istilik təchizatı sahəsində aparılan islahatlar, enerji resurslarından səmərəli istifadə ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Görüşdə Dünya Bankının heyəti Azərbaycanda dayanıqlı şəhərlərin inkişafı ilə bağlı aparılan diaqnostik qiymətləndirmənin nəticələrini təqdim edib, istilik təhizatı sahəsinin dayanıqlı şəhərsalma və enerji səmərəliliyi üçün önəmli olduğunu qeyd ediblər.
Dünya Bankının Yaşıl və Dayanıqlı şəhərlər üzrə missiyası “Azəristiliktəchizat” ASC-də həyata keçirilən islahatların vacib olduğunu, istilik təchizatı sahəsi üzrə sektor strageyasının hazırlanması və şirkətdə aparılan islahatların dəstəklənməsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.