“Azəristiliktəchizat” ASC-nin istehsalat sahələrində 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq kompleks işlərin icrası həyata keçirilməkdədir.
İstilik təchizatı sistemlərinin etibarlılığının təmin edilməsi məqsədilə ümumilikdə 7 573 metr uzunluğunda məhəllədaxili və magstiral istilik xətlərini yeniləmişdir.
554 qazanxana və 89 istilik məntəqəsi üzrə zəruri avadanlıqlar, armaturlar və tənzimləyici qurğuların təftiş olunaraq və saz vəziyyətə gətirilməsi prosesi mərhələli şəkildə davam etdirilir.
İstehsal təyinatlı avadanlıqların etibarlı və təhlükəsiz istismarının təmin edilməsi istiqamətində 70 ədəd qazan aqreqatı təmir olunmuş, 433 qazanxanada yeraltı və yerüstü tüstü yolları təmizlənmişdir. Eyni zamanda, cari ilin 6 ayı ərzində 4 odluq, 282 nasos və 2573 siyirtmədə əsaslı təmir aparılmışdır.
“Azəristiliktəchizat” ASC-nin strukturuna daxil olan mərkəzləşdirilmiş xidmətləri tərəfindən qazanxana və istilik məntəqələrinin fasiləsiz fəaliyyəti üçün 8 087 texniki xidmət göstərilmişdir.
Müvafiq xidmətlər tərəfindən istilik təchizatı obyektlərinə planlı və növbədənkənar baxış keçirilmiş, zəruri təmir işləri aparılmış, avadanlıqların dayanıqlı və təhlükəsiz istismarı təmin olunmuşdur.
Qaz siyirtmələri təftiş olunmuş və 20 ədədi cari təmir edilmiş, 159 müxtəlif diametrli qaz ventilləri yenisi ilə əvəz olunmuşdur.
Cəmiyyətin mühəndis heyəti qaz təsərrüfatı üzrə 55 metr yeraltı və 335 metr yerüstü qaz xəttində bərpa işləri aparmışdır.
İstilik təchizatı obyektlərində 451 müxtəlif diametrli dirsək və 1601 metr qazan borusu dəyişdirilmişdir. Bununla yanaşı, kompleks tədbirlər çərçivəsində 4 ədəd divar tipli yeni qazan da quraşdırılmışdır.
2025-2026-cı illər payız-qış mövsümündə 80 000-dən çox qurğu və avadanlıqların, nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Hazırlıq işlərinin 2025-ci ilin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.














