“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planında nəzərdə tutulan fəaliyyətin reallaşdırılması üçün dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir.
Keçid Planına əsasən, dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
“Azəristiliktəchizat” ASC “Hökumət buludu”na miqrasiya çərçivəsində xidmətlərin əlçatanlığının və dayanıqlılığının təmin edilməsi məqsədilə “AzInTelecom” MMC tərəfindən təqdim edilən IaaS (İnfrastructure – as a Service) bulud infrastrukturu xidmətini əldə edib.
Belə ki, “Azəristiliktəchizat” ASC informasiya sistemlərinin bir qismini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
“Azəristiliktəchizat” ASC, həmçinin “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində təqdim edilən Rezervlənmə (BaaS – Backup as a service) bulud xidmətindən də yararlanır.
Razılığa əsasən, dövlət qurumu rezervlənmə xidmətini çevik və sadə formada idarə etməsi üçün “Veeam” platforması ilə təmin edilib.
Bu platforma İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatlarının ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda “Veeam” platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsi, sabit və dayanıqlı İT infrastrukturu, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.