AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb və istehsalat müəssisələri ilə universitetlər arasındakı əməkdaşlığın önəminə toxunub. Rektor qeyd edib ki, inkişaf etmiş istehsalat müəssisələri ilə əməkdaşlıq ali təhsil müəssisələrinə bazarın tələblərini öyrənməyə və adekvat kadr hazırlığını həyata keçirməyə təkan verir. AzMİU-nun yerli və beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq əlaqələri haqqında məlumat verən professor Gülçöhrə Məmmədova əlavə edib ki, “Azəristiliktəchizat” ASC-nin istiqamətlərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı prosesində qurumun iştirakı da mümkündür.
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, “Azəristiliktəchizat” ASC-nin ölkə üzrə 60-a yaxın eayon və şəhərdə 600-ə yaxın qazanxanası fəaliyyət göstərir. Ümumilikdə 2500 nəfərin çalışdığı qurumda mütəxəssis və rəhbər vəzifələrdə AzMİU-nun məzunlarının olduğunu deyib.
Görüşün sonunda Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında əməkdaşlığa dair razılaşma imzalanıb.
Razılaşmanın məqsədi “Azəristiliktəchizat” ASC ilə AzMİU arasında təhsil-elm-istehsalat zəncirinin qurulması, sənaye, istehsalat və xidmət sahələrinin subyektlərini elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin real sektorun inkişafına tətbiq edilməsi, qarşılıqlı maarifləndirilmə və fəaliyyətinin inkişafına dəstək göstərilməsidir.
Daha sonra "Azəristiliktəchizat" ASC rəhbərliyi Universitetin bir neçə labaratoriyasına baş çəkiblər və tədris zamanı əyani vəsait kimi təqdin edilən avadanlıqlarla tanış olublar.