"Azəristiliktəchizat" ASC-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Xidmətin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsinin və "Azəristiliktəchizat" ASC-nin rəhbər işçiləri və mütəxəssislərinin görüşü keçirilib.
"Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qonaqları salamlayaraq Cəmiyyətin fəaliyyəti, qarşısında duran vəzifələr və "İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 aprel tarixli 3233 nömrəli Sərəncamının icrası ilə bağlı görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
İlham Mirzəliyev bildirib ki, hazırda davam edən 2022-2023 istilik mövsümündə “Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatında 564 qazanxana istismar olunmaqla 3871 yaşayış binası, 288 məktəb, 161 uşaq baxçası, 151 səhiyyə obyekti və 2391 digər social və təsərrüfat obyektləri istiliklə təmin edilir və Cəmiyyətin xidmət dairəsi Bakı şəhərindən əlavə respublikanın 44 şəhər və rayonunu əhatə edir.
Görüşdə müzakirə olunan əsas məsələlərdən biri istilik təchizatı sahəsində həyata keçirilən layihələr çərçivəsində sayğaclaşma prosesinə başlanması, istilik və isti su sayğaclarının quraşdırılması ilə bağlı olmuşdur. "Azəristiliktəchizat" ASC sədrinin müşaviri İlkin Zərbəliyev bununa bağlı görüş iştirakçılarına ətraflı məlumat verib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, şöbə müdiri Xamis Seyranov və “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin direktoru Rövşən Əliyev çıxış edərək istehlakçıların hüquqlarının müdafiəsi sahələrində aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlərin görülməsinin, xidmət sahələrində norma və qaydalara riayət olunması, istehlak bazarında işlərin, xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsinin Xidmətin əsas vəzifələrindən biri olduğunu bildiriblər.
Qeyd edilmişdir ki, istilik təchizatı sahəsində həyata keçirilən islahatlar çərçivəsində sayğaclaşma prosesinə başlanması, istilik və isti su sayğaclarının quraşdırılması əhəmiyyət kəsb edir və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aidiyyəti qurumları, o cümlədən Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs tərəfindən bu sahədə "Azəristiliktəchizat" ASC-ə ən zəruri dəstək və köməkliyi göstəriləcəkdir.
Eyni zamanda görüşdə müzakirələrin davam etdirilməsi və ilkin məhələdə pilot layihə olaraq istilik və isti su sayğaclarının quraşdırılması ilə bağlı tədbirlərin sürətləndirilməsinin vacibliyi qeyd edilmiş, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin icra edilməsi ilə bağlı bütün tədbirlərin görülməsi görüş iştirakçılarının diqqətinə çatdırılmışdır.