“Azəristiliktəchizat” ASC-də qurumun gənc əməkdaşları və mütəxəssislərinin iştirakı ilə geniş toplantı keçirilib. Görüşdə şirkətin qarşısında duran vəzifələrin icrası, istilik təchizatı sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsi, yaşayış binaları və sosial obyekltərin istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatının təşkil edilməsi istiqamətində həyata keçirilən layihələr və gənc mütəxəssislərin bu layihələrin icrasında rolu ətraflı müzakirə edilib.
Sədr vəzifəsini icra edən İlham Mirzəliyev gənclərə "İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında" bu ilin aprel ayında cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamdan irəli gələn tapşırıqlar və hazırda işlərin gedişatı barədə məlumat verib.
Görüşdə qurumun gələcək perspektivləri haqqında danışılıb və bildirilib ki, “Azəristiliktəchizat” ASC gənc kadrların inkişafı üçün bundan sonra da hərtərəfli imkanlar yaradacaq. Müəssisənin fəaliyyətinin şəfafflaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlərlə bağlı gənc mütəxəssislərin rəy və təklifləri dinlənilib, bu görüşlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb.