Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanda istilik obyektlərinin rəqəmsal xəritəsi formalaşdırılır
21 IYUL 2026

“Azəristiliktəchizat” ASC-nin daxili resursları hesabına qazanxanaların, istilik məntəqələrinin və istilik şəbəkələrinin rəqəmsal xəritəsinin formalaşdırılmasına başlanılıb.

Sosial əhəmiyyət daşıyan rəqəmsal xidmətlər

Bu istiqamətdə əsas məqsəd yalnız obyektlərin xəritə üzərində göstərilməsi deyil, mərhələli şəkildə praktiki GIS — Coğrafi Məlumat Sistemi əsaslı idarəetmə alətinin yaradılmasıdır.

Rəqəmsal xəritə gələcəkdə qazanxanaların, istilik xətlərinin, xidmət zonalarının, qoşulma nöqtələrinin, abonent obyektlərinin, qəza və təmir tarixçəsinin, texniki vəziyyət göstəricilərinin və investisiya ehtiyaclarının vahid məkan məlumatları bazasında idarə olunmasına imkan verəcək.

Bu yanaşma istismar və təmir işlərinin planlaşdırılmasını, yeni qoşulmaların texniki baxımdan qiymətləndirilməsini, həmçinin qəzaların və itkilərin daha operativ lokallaşdırılmasını asanlaşdıracaq.

Eyni zamanda rəqəmsal xəritənin gələcəkdə dispetçer monitorinq sistemi, elektron xidmətlər, texniki şərt müraciətləri və analitik hesabatlılıqla inteqrasiyası nəzərdə tutulur. Bu inteqrasiya qərarların daha dəqiq məlumatlar əsasında qəbul olunmasına xidmət edəcək.

Rəqəmsal xidmətlərin genişləndirilməsi mühüm sosial əhəmiyyət daşıyır

Xüsusilə regionlarda yaşayan, vaxt məhdudiyyəti olan və ya fiziki məhdudiyyətli şəxslər üçün rəqəmsal xidmətlərin genişləndirilməsi mühüm sosial əhəmiyyət daşıyır.

Əsas məqsəd vətəndaşların istilik təchizatı ilə bağlı müraciətlərini kağız sənədə, fiziki növbəyə və əlavə vasitəçi təmasa ehtiyac olmadan, vahid dövlət rəqəmsal mühiti üzərindən izlənilən, şəffaf və rahat formada həyata keçirməsidir.

Rəqəmsallaşmanın faydası yalnız istifadəçi rahatlığı ilə məhdudlaşmır. Texniki və inzibati proseslərin optimallaşdırılması, məlumatların daha dəqiq idarə olunması, təkrar əməliyyatların və rutin işlərin azaldılması cəmiyyətin ümumi xərclərinin mərhələli şəkildə optimallaşdırılmasına imkan yaradır.

Bu isə uzunmüddətli dövrdə istilik təchizatı sahəsində daha səmərəli idarəetməyə, resurslardan qənaətli istifadəyə və dövlət büdcəsi üzərinə düşən maliyyə yükünün müəyyən hissəsinin azaldılmasına xidmət edə bilər.

“Azəristiliktəchizat” ASC-də rəqəmsal transformasiya istiqamətində işlər mərhələli və sistemli şəkildə aparılır. Bu proses yalnız ayrıca elektron xidmətlərin yaradılması kimi deyil, bütövlükdə müəssisənin idarəetmə, məlumat, abonent xidməti və texniki istismar proseslərinin rəqəmsal əsasda yenidən qurulması kimi nəzərdən keçirilir.

Son dövrlərdə səhmdar cəmiyyət üzrə vahid korporativ ERP sistemi tətbiq edilib, əsas məlumat bazalarının sistemə yüklənməsi təmin olunub, struktur bölmələr arasında sənəd dövriyyəsi və daxili yazışmalar rəqəmsal mühitə keçirilib.

Bu, idarəetmə qərarlarının daha operativ qəbuluna, həmçinin daxili proseslərin izlənilən və ölçülə bilən formaya salınmasına imkan yaradır.

Etibarlı məlumat infrastrukturu qurulur

Hazırda əsas diqqət məlumat bazasının keyfiyyətinin və dərinliyinin artırılmasına, abonent, müqavilə, ünvan, obyekt, borc, ödəniş və texniki məlumatların daha dəqiq əlaqələndirilməsinə yönəldilib.

Abonentlərə keyfiyyətli elektron xidmət göstərilməsi üçün ilk növbədə arxa planda düzgün və etibarlı məlumat infrastrukturu formalaşdırılmalıdır.

Vətəndaşyönümlü elektron xidmətlər üzrə növbəti mərhələ “mygov” platforması ilə inteqrasiya çərçivəsində nəzərdə tutulur.

“Azəristiliktəchizat” ASC-nin beş əsas xidmətinin elektronlaşdırılması planlaşdırılır:

  • abonent məlumatlarının dəyişdirilməsi və dəqiqləşdirilməsi;
  • borcun olması və ya olmaması haqqında arayışın verilməsi;
  • istilik enerjisi təchizatı sisteminə qoşulma üçün texniki şərtin verilməsi;
  • isti su sayğaclarının quraşdırılması və istismarında yaranmış qüsurlar üzrə müraciətlər;
  • istehlakçıların qeydiyyata alınması, müqavilənin bağlanması, ləğvi və tərəfin dəyişdirilməsi.

Bu xidmətlər üzrə istifadəçi interfeysinin “mygov” mühitində qurulması, “Azəristiliktəchizat” ASC tərəfində isə “backend”, “back-office”, sənəd generasiyası, bildiriş, ödəniş və məlumat inteqrasiyası mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Hazırda bu xidmətlər yeni rəqəmsal model kimi formalaşdırıldığı üçün tam elektron müraciət statistikası mövcud deyil.

Bununla belə, gözlənilən nəticə vətəndaşların quruma fiziki müraciət etməsi, sənəd toplaması, müraciətinin hansı mərhələdə olduğunu telefonla və ya yerində öyrənməsi ehtiyacının əhəmiyyətli dərəcədə azalmasıdır.

Planlaşdırılan modelə əsasən, istifadəçi “mygov” üzərindən “Azəristiliktəchizat” ASC-nin məkanına daxil olduqda ilk növbədə öz cari borcunu, borcun strukturunu, ödəniş tarixçəsini və mövcud müraciətlərini görə biləcək.

Borc göstəricisinin yanında onlayn ödəniş imkanı yerləşdiriləcək və istifadəçi əlavə menyular axtarmadan ödənişə keçə biləcək.

Bu, vətəndaşların vaxt itkisinin azalmasına, həmçinin ödəniş intizamının və şəffaflığın artırılmasına xidmət edəcək.

Onlayn dəqiqləşdirmə mexanizmi tətbiq ediləcək

Rəqəmsal hökumət konsepsiyası çərçivəsində əsas hədəflərdən biri məlumatların vətəndaşdan təkrar tələb edilməməsidir.

Bu baxımdan FİN və VÖEN əsasında istifadəçinin abonent və müqavilə məlumatları ilə uyğunlaşdırılması, mövcud məlumatların avtomatik doldurulması, uyğunsuzluq olduqda isə onlayn dəqiqləşdirmə mexanizminin tətbiqi nəzərdə tutulur.

Bu yanaşma “yalnız bir dəfə” prinsipinə uyğun olaraq vətəndaşın eyni sənədləri müxtəlif mərhələlərdə təkrar təqdim etməsi ehtiyacını minimuma endirəcək.

Yaxın və orta müddətli dövrdə süni intellekt əsaslı istifadəçi dəstəyinin yaradılması da planlaşdırılır.

Bu mexanizmdən sadə sualların cavablandırılması, istifadəçinin müraciət statusunun izah edilməsi, uyğun elektron xidmətə yönləndirilməsi və zərurət olduqda insan operatoruna ötürülməsi üçün istifadə olunacaq.

Süni intellekt yekun hüquqi qərar verməyəcək, lakin vətəndaşlara xidmətlər barədə daha sürətli və anlaşılan məlumat təqdim edəcək.

Qazanxanalarda rəqəmsal monitorinqin tətbiqi planlaşdırılır

“Azəristiliktəchizat” ASC-də planlaşdırılan rəqəmsallaşma tədbirlərinin digər mühüm istiqaməti istehsal obyektlərinin, yəni qazanxanaların texniki istismarına aiddir.

Bir pilot qazanxanada rəqəmsal monitorinq, dispetçer nəzarəti, məsafədən idarəetmə, canlı xəbərdarlıqların tətbiqi, məlumatların arxivləşdirilməsi və xarici hava temperaturuna uyğun avtomatik istilik rejiminin tənzimlənməsi planlaşdırılır.

Pilot layihə uğurlu olarsa, bu yanaşmanın mərhələli şəkildə digər qazanxanalara da genişləndirilməsi nəzərdə tutulur.

Bu isə yanacaq sərfinin optimallaşdırılması, əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azaldılması, nasazlıqların daha erkən aşkarlanması, istismar qərarlarının real məlumatlara əsaslanması və daha effektiv olması baxımından əhəmiyyət daşıyır.