Gənclərin peşəkar əmək bazarına inteqrasiyasını sürətləndirmək, tələbə və məzunların məşğulluğunun artırılması məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) VI Karyera sərgisi təşkil olunmuşdur.
Sərginin rəsmi hissəsində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetdə artıq ənənəvi xarakter alan bu sərginin tələbə və məzunların gələcək karyeralarının formalaşmasında əhəmiyyətli rol oynadığını söyləyib. O qeyd edib ki, bu cür sərgilər vasitəsilə gənclər əmək bazarının real tələbləri ilə tanış olur, ixtisaslarına uyğun qurumlarla birbaşa ünsiyyət imkanı qazanırlar.
Professor Gülçöhrə Məmmədova, eyni zamanda vurğulayıb ki, AzMİU-nun inkişafında universitetin partnyor şirkət və təşkilatlarla qurduğu əməkdaşlıqların rolu danılmazdır. Rektor universitet adından bu uğurlu əməkdaşlığa verdikləri töhfələrə görə bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib, əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Sərginin rəsmi açılış mərasimində çıxış edən “Azəristiliktəchizat” ASC sədri İlham Mirzəliyev Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə qurulmuş əməkdaşlıq münasibətlərinin elm, təhsil və istehsalat arasında qarşılıqlı əlaqənin formalaşmasında mühüm rol oynadığını qeyd etmiş və hər il 100-dən artıq tələbənin Cəmiyyətdə istehsalat təcrübəsi keçdiyini diqqətə çatdırmışdır.
100-dən çox dövlət qurumu, komitə və nüfuzlu özəl təşkilatların qatıldığı Karyera sərgisində “Azəristiliktəchizat” ASC xüsusi təqdimat guşəsi ilə təmsil edilmişdir. Pavilyonda iştirakçılara Cəmiyyətin əsas fəaliyyət istiqamətləri, mövcud kadr siyasəti, gənc mütəxəssislərlə iş və vakant yerlər barədə ətraflı məlumat verilmiş, çoxsaylı müraciət anketləri toplanılmışdır.