"Azəristiliktəchizat" ASC 2023-2024-cü illər payız-qış mövsümünü aprelin 15-də yekunlaşdırıb və mövsüm ərzində abonentləri keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təchiz edib. Respublikanın dağ rayonlarında 1 noyabr tarixindən, Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə 2023-cü il noyabr ayının 15-dən başlanılıb.
Cari mövsümdə 3871 yaşayış binası, 184,5 minə yaxın mənzil, 284 orta məktəb (Bakı 174, bölgələrdə 110) , 159 uşaq bağçası, 147 səhiyyə müəssisəsi və 2600-ə yaxın sosial və təsərrüfat hesablı obyektlər 559 qazanxana və 88 istilik məntəqəsində saz vəziyyətə gətirilərək quraşdırılmış 82 minə yaxın avadanlıq vasitəsilə istilik enerjisi ilə təchiz olunub. Bu məqsədlə 2023-cü ilin yekunları üzrə istehsal və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabata əsasən 1 389 100 Qkal istilik enerjisi istehsal edilib, 131 min Qkal-ə yaxın topdansatış qaydası ilə “Azərenerji” ASC Bakı İEM-dən alınmışdır.
Qazanxanalarda texnoloji prosesin real vaxt rejimində izlənilməsi məqsədi ilə 232 qazanxanada uzaqdan nəzarət sistemi yaradılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında may ayının 1-nə qədər ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektləri istiliklə təmin edilməkdədir.
Müştəri məmnuniyyətinin yüksəldilməsi istiqamətində görülən işlər
2023-2024-cü illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC-nin 956 qısa nömrəli “Çağrı Mərkəzi” vasitəsilə 25 845 vətəndaş müraciəti qəbul edilib.
Bunlardan 15 589-u istilik və isti su təchizatı xidmətləri, 2459 borcla əlaqədar, 7797-i isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib. Vətəndaşların sualları operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “956” “Çağrı Mərkəzi” fəaliyyət göstərir. Vətəndaşların müraciətlərinin vaxtında qəbul edilməsi və işlənilməsini təmin etmək məqsədilə “Çağrı Mərkəzi”nin fəaliyyətini müasir avadanlıqlar və texnologiyalar tətbiq etməklə daha da təkmilləşdirmiş, analoq sistemdən rəqəmsal sistemə keçid edilib. Zənglərdə növbəlilik sistemi təmin edilib, 20 zəngi eyni anda qəbul etmə imkanı yaradılıb.
Vətəndaşlardan və abonentlərdən cəmiyyətin və onun yerli strukturlarının xidməti ilə bağlı müraciət və şikayətlərini bütün mobil operatorlardan "012 956" nömrəsini yığmaqla "Cağrı Mərkəzi"nə bildirmələrini xahiş edirik.
“İstilik enerjisindən istifadə qaydaları”
Ölkədə ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə istilik enerjisindən istifadə sahəsində enerji təchizatı muəssisəsi ilə istehlakcı arasında yaranan qarşılıqlı munasibətləri və bununla əlaqədar digər məsələləri, o cumlədən istehlakcının istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (guc) alınması ucun texniki şərtlərin verilməsi məsələlərinin tənzimlənməsi məqsədi ilə “İstilik enerjisindən istifadə qaydaları” təsdiqlənib.
İstilik enerjisindən istifadə qaydaları istehlakçıların istilik təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması və istismarı, istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələrini, istilik və isti su təchizatı xidmətlərinin dayandırılması hallarını, istilik və isti su təchizatı xidmətlərindən istifadəyə görə hesablaşma məsələlərini müəyyən edir.
“İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndində nəzərdə tutulan müdəalar əsasında əhali istehlakçı qrupu ilə müqavilələrin imzalanmasını həyata keçirməkdədir.
İstehlakçıların 25 faizinin zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti Cəmiyyətin əməkdaşlarına təqdim edilib və istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə müqavilələr imzalanıb.
İslahatlar istiqamətində görülən işlər
"Azəristiliktəchizat" ASC-yə işə qəbul prosesində şəffaflığın təmin olunması məqsədilə vakant yerlərə namizədlər üçün işə qəbul prosesi 3 mərhələdən – CV-lərin vakansiya meyarları əsasında seçilməsi, test imtahanı/ peşə sınağı və müsahibədən ibarətdir. İxtisasa uyğun kadrların seçilməsi üçün 8 ixtisas üzrə 840 müraciət qeydə alınıb. Vakant vəzifə üzrə müraciət etmiş 159 namizəd imtahan prosesində iştirak edib. İmtahanda uğur qazanmış 58 namizəd müsahibə mərhələsinə dəvət olunub. İşə qəbul prosesində test və müsabiqə mərhələsini uğurla tamamlamış 13 nəfər "Azəristiliktəchizat" ASC ilə əməkdaşlıq etmək şansını əldə edib.
İş elanları mütəmadi olaraq rəsmi internet səhifəmizdə və sosia şəbəkə hesablarında yerləşdirilməkdədir və namizədlər CV-lərini yeni yaradılan hr@azeristilik.gov.az elektron ünvanına göndərə bilərlər.
Qeyri-əhali qrupuna aid istehlakçılar ürə istilik təchizatı xidmətlərinə görə hesbalaşmalar
Əhali və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar qəbul edilib. Yeni qərara əsasən, 2024-cü il 1 sentyabr tarixindən etibarən qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesbalaşmalar müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçiriləcək.
“Azəristiliktəchizat” ASC-nin “Könülülük proqramı”
“Azəristiliktəchizat” ASC fəaliyyətinin təkmilləşdirilməsi, müasir idarəetmənin optimallaşdırılması və kommunal xidmətlər sahəsində səmərəliliyin artırılması, istiqamətində 3 aylıq “Könülülük proqramı”na start verib.
“Könülülük proqramı” üçün cari ilin 15-31 yanvar tarixlərində 436 nəfər müraciət etmişdir. Proqram çərçivəsində könüllülər istilik enerjisi sektoruna dair təcrübələr qazanacaq, xüsusilə sorğuların keçirilməsi, abonentlərlə ünsiyyətin qurulması ilə bağlı vərdişlərə yiyələnəcəklər.
Regionlarda vətəndaş qəbulu
2023-cü il üzrə mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi tərəfindən respublikanın 11 şəhər və rayonunda qəbul həyata keçirib. Ümumilikdə 25 şəhər və rayonda yaşayan 66 sakinin istilik və isti su təchizatı ilə bağlı sualları cavablandırılıb, istilik təchizatına dair problemləri dinlənilib.