





Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin 45 tələbəsi “Azəristiliktəchizat” ASC-də istehsalat təcrübəsində cəlb olunublar.
Təcrübənin ilkin mərhələsində tələbələr üçün təhlükəsizlik üzrə təlimat keçirilmiş, istehsalat sahəsində davranış prinsipləri barədə ətraflı məlumat verilmişdir.
İstehsalat təcrübəsi müddətində tələbələrə qazanxanaların iş prinsipi, istilik enerjisinin istehsalı prosesi, eləcə də bu sahədə istifadə olunan avadanlıqların fəaliyyəti haqqında praktiki və nəzəri biliklər təqdim olunur. Onlar istehsalat prosesi ilə yaxından tanış olmaqla yanaşı, gələcək peşə fəaliyyətləri üçün mühüm praktiki vərdişlər də qazanırlar.
Qeyd edək ki, tələbələrin “Azəristiliktəchizat” ASC-də istehsalat təcrübəsi iyunun 6-dək davam edəcək.








