İstilik sistemlərinin yoxlanılması ilə əlaqədar istehlakçılara müraciət
19 ОКТЯБРЯ 2026
“Azəristiliktəchizat” ASC tərəfindən 2026–2027-ci illər payız-qış mövsümünə hazırlıq çərçivəsində istilik sistemlərinə yoxlama məqsədilə su verilir. Yoxlamalar sistemlərin texniki vəziyyətinin qiymətləndirilməsi, mümkün nasazlıqların və su sızmalarının mövsüm başlamazdan əvvəl aşkarlanması məqsədi daşıyır.
Sakinlərdən binalarında yerləşdirilmiş elanlarda göstərilən tarixləri nəzərə almaları, mənzillərində istilik sistemləri üzrə təmir işlərini həmin vaxtadək yekunlaşdırmaları, yoxlamalar zamanı radiatorları, boruları və onların birləşmə yerlərini nəzarətdə saxlamaları xahiş olunur. Təmir işləri davam etdiyi halda əraziyə xidmət göstərən İstilik Sistemləri İstismarı Sahəsinə əvvəlcədən məlumat verilməsi tövsiyə edilir.
Binaların zirzəmilərində, ümumi istifadədə olan sahələrdə və ya mənzillərdə istilik sistemindən su sızması müşahidə edildikdə Cəmiyyətin 956 nömrəli Çağrı Mərkəzinə, müvafiq İstilik Sistemləri İstismarı Sahəsinə və ya sosial media hesabları vasitəsilə dərhal məlumat verilməlidir. Müraciət zamanı dəqiq ünvanın, əlaqə nömrəsinin və sızmanın müşahidə olunduğu yerin bildirilməsi məsələnin operativ araşdırılmasına kömək edəcək.








