Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC-də istilik sektorunun gələcək inkişafına dair beynəlxalq ekspertlərin iştirakı ilə geniştərkibli görüş keçirildi
11 SEPTEMBER 2025

“Azəristiliktəchizat” ASC-də “İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi” texniki yardım layihəsi çərçivəsində geniştərkibli görüş keçirilmişdir.

Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədləri, əsas istiqamətləri və qarşıda duran vəzifələr barədə görüş iştirakçılarına ətraflı məlumat verilmişdir.

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev görüş iştirakçılarını salamlayaraq Cəmiyyətin mövcud vəziyyəti haqqında ətraflı məlumat vermiş, son illərdə həyata keçirilən layihələr çərçivəsində “İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edildiyini, qeyri-əhali istehlakçıları tariflərinin liberallaşdırıldığını, ölkədə ilk dəfə olaraq “İstilik təchizatı haqqında” Qanunun qəbul edildiyini qeyd etmiş, Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə həyata keçirilən layihənin mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin perspektiv inkişaf istiqamətlərinin müəyyən edilməsində, “Azəristiliktəchizat” ASC-nin texniki performansına, bazar analizinə və tarif modellərinə əsaslanan korporativ diaqnostikanın aparılması, maliyyə modelləri və gələcək maliyyə proqnozlarının hazırlanması, dövlət subsidiyalarının tədricən azaldılması üzrə konkret təkliflərin hazırlanmasında gözləntilərini layihə iştirakçılarının diqqətinə çatdırmışdır.

Layihənin rəhbəri olan AİB-nin aparıcı enerji mütəxəssisi Nana Qurqenidze layihənin istilik sektorunun dekarbonizasiyası, mövcud isitmə sistemlərinin enerji səmərəliliyinin artırılması, tarif siyasətinin optimallaşdırılması, bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi və “Azəristiliktəchizat” ASC-nin inkişaf strategiyasının hazırlanmasını  özündə ehtiva etdiyini qeyd etmiş, layihənin Asiya İnkişaf Bankının Təmiz Enerji Fondu və Texniki Yardım Xüsusi Fondu tərəfindən maliyyələşdirildiyini bildirmişdir. 

Görüşdə iştirak edən Danimarkanın “NIRAS” şirkətinin nümayəndələri layihənin əsas komponentlərindən ibarət geniş təqdimat etdilər.

Təqdimatda istilik sektorunda tarif metodologiyasının işlənməsi, “Azəristiliktəchizat” ASC üçün korporativ inkişaf strategiyasının müəyyənləşdirilməsi, həmçinin bərpa olunan istilik texnologiyalarının tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsi məsələləri ətraflı izah olunmuşdur.

Görüşdən sonra iştirakçılar “Azəristiliktəchizat” ASC-nin balansında olan və hazırda payız-qış mövsümünə hazırlıq işləri aparılan köhnə və modern tipli qazanxanalarla yerində tanış oldular.

Məlumat üçün qeyd edək ki, 2027-ci ilin mart ayında yekunlaşdırılması planlaşdırılan layihənin uğurlu icrası üçün lazım olan texniki və təşkilati dəstək Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC tərəfindən göstərilməkdədir.