““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”
İlham Əliyev
Gördüyümüz işlər

   “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.

      “Azəristiliktəchizat” ASC  yaradıldıqdan sonra ilk növbədə onun tərkibinə verilmiş qazanxana və digər istilik təsərrüfatı obyektləri, istilik istehlakçıları, o cümlədən təhsil və səhiyyə müəssisələri, yaşayış binaları, digər sosial obyektlər inventarizasiya edilərək istilik təchizatının real səviyyəsi tam araşdırılmış və araşdırmaların  nəticələri və ekspert qiymətləndirmələri, istilik təchizatı sahəsində qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınaraq Bakı şəhərində və respublikanın regionlarında  əhalinin və iqtisadiyyatın istilik təchizatının yaxşılaşdırılması üçün yeni istiqamətlər  müəyyən edilmişdir ki, onun da əsas mahiyyəti aşağıdakılardan ibarət olmuşdur :

           

         Ötən əsrin 60-70-ci illər texnologiyalarına əsasən yaradılan və bu gün qeyri effektiv fəaliyyət göstərən mərkəzləşdirilmiş istilik mənbələrinin əhatə dairəsinin məhdudlaşdırılması və tədricən ləğv edilərək müasir avadanlıqlar quraşdırılmaqla məhəlli qazanxanaların yaradılması ilə bağlı tədbirlərinin həyata keçirilməsi;

           

            İstiliklə təmin edilməyən ərazilərin,  məhəllə və binaların müəyyənləşdirilməsi, onların istilik təchizatı üçün istilik variantlarının müəyyənləşdirilməsi, müvafiq olaraq yeni istilik təchizatı sistemlərinin qurulması;

         

           Mövcud istilik təchizatı mənbələrinin modernləşdirilməsi.

     

      Bu vəzifələrin icrası ilə bağlı “Azəristiliktəchizat” ASC yarandığı dövrdən bu sahədə əhəmiyyətli işlər görülmüş, 2005-2015-ci illərdə Bakı şəhərində və respublikanın regionlarında 166 yeni istilik mənbəyi yaradılmış, 108 köhnə tipli qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilmiş, rayon istilik qazanxanalarından qidalanan 57 istilik məntəqəsi yenidən qurularaq müasir qazanxaya çevrilmiş, 271 qazlaşdırma layihəsi icra edilmiş, 9 istilik məntəqəsi əsaslı təmir olunmuş, 1900-ə yaxın yaşayış binasının aşağı paylama istilik xətləri əsaslı təmir edilmiş, yeni tikilən, modernləşdirilən və ya modul qazanxana quraşdırılan  təhsil və səhiyyə müəssisəsinin hər birində və əlavə olaraq daha 250 təhsil və səhiyyə müəssisəsində aşağı paylama və binadaxili istilik sistemi əsaslı təmir olunaraq istilik təchizatı bərpa edilmişdir.

    Yeni qazanxanaların tikintisi və ya modernləşdirilməsi ilə bərabər məhəllədaxili istilik xətlərin yenidən qurulması, binaların aşağı paylama istilik sistemlərinin tam bərpası layihəyə daxil edilmişdir.

    Yeni tikilən və modernləşdirilən qazanxanalarda Avropa ölkələrində istehsal edilən enerjiyə qənaət və ekoloji tələblərə tam cavab verən müasir qazanxana və istilik şəbəkəsi avadanlıqları quraşdırılır.

     Cəmiyyətin mütəxəssisləri  tərəfindən "Modul" tipli daşınan istilik qazanxanasınınvə “Kombi” və "Kaskad"  tipli istilik sistemlərinin tətbiqi ilə bağlı texniki əsaslandırma hazırlanmış, mövcud qanunvericiliyə uyğun olaraq bütün razılaşdırmalardan keçirilərək Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı alınaraq həyata keçirilməyə başlamışdır. Bu qazanxanalar orta və kiçik həcmli təhsil və səhiyyə obyektlərinin istilik təchizatı problemlərinin həllində əhəmiyyətli rol oynayır.

     Həyata keçirilən tədbirlər hazırda  535 qazanxana istismar edilməklə 3570 yaşayış binası, 289 məktəb, 157 uşaq bağçası, 152 səhiyyə obyekti və 605 digər sosial obyekti  istiliklə təmin etməyə imkan vermişdir  ki, bu da 2004-2005-ci illərlə müqayisədə istilik mənbələrinin sayının 369 ədəd və ya 3.2 dəfə, yaşayış binalarının sayının 2582 ədəd və ya 3.6 dəfə, məktəblərin sayının 143 ədəd və ya 2 dəfə, uşaq bağçalarının sayının 73 ədəd və ya 1.9 dəfə, səhiyyə obyektlərinin sayının 91 ədəd və ya 2.5 dəfə, digər obyektlərin sayının 514 ədəd və ya 6,6 dəfə  artması deməkdir.

     Hazırda Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"larına əsasən  “Azəristiliktəchizat” ASC tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı zəruri işlər görülməkdədir və bu tədbirlər əvvəlki illərdə həyata keçirilmiş layihələrin davamı olaraq Azərbaycan Respublikasında istilik təchizatının yaxşılaşdırılmasına həsr olunmuşdur və  ekoloji cəhətdən təmiz,  müasir tipli effektiv texnologiyalar tətbiq etməklə Bakı şəhərində və paytaxtətrafı qəsəbələrdə  istilik təsərrüfatı üzrə lazımi işlərin başa çatdırılması və müvafiq istilik qurğularının, mənbələrinin bərpası, modernləşdirilməsi, yeni qazanxanaların tikintisi, istilik təchizatı sistemlərinin yenidən qurulması və bununla da  istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılmasını nəzərdə tutur.

  2015-ci il üçün təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə müəyyən edilmiş tədbirlərin icrası üzrə 95 obyektdə məhəllədaxili və aşağıpaylama istilik sistemlərinin bərpası, 8 obyektdə qazlaşdırma, "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı" üzrə isə 10 obyekdə məhəllədaxili və aşağıpaylama istilik sistemlərinin bərpası, 4 yeni istilik mənbəyinin yaradılması, 20 obyektdə qazlaşdırma işlərinin görülməsi başa çatdırılmış və istismara qəbul edilmişdir.