““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”
İlham Əliyev
Alternativ və bərpa olunan enerji mənbələrindən istilik məqsədlərinə istifadə ilə bağlı təqdimat keçirilmişdir.

 

            Ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması vacibliyi dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Artıq bu istiqamətdə müsbət təcrübə mövcuddur və bir sıra ölkələrdə günəş, külək və digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən ilə genişlənir.

           Dünyada uğurla tətbiq olunan bu təcrübədən Azərbaycanda geniş istifadə edilməsinə şərait yaratmaq üçün Azərbaycanın özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malik olmasını nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2004-cü il tarixli 462 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

          Bir sıra dünya ölkələrində tətbiq edilən layihələrdən biri də istilik nasoslarının köməyi ilə geotermal enerjidən isitmə məqsədlərinə istifadə olunmasıdır. İstilik nasosları aşağı temperaturlu istilikdaşıyıcısının temperaturunu xaricdən enerji sərf etməklə yüksəltməyə imkan verir. Bu zaman 1 kVt.saat elektrik enerjisi sərf etməklə aşağı potensiallı enerjidən 4 kVt.saata qədər yüksək potensiallı enerji almaq mümkündür.

         Bununla bağlı Ukrayna Respublikasının Elm-İstehsalat “Stels” şirkətinin mütəxəssisləri “Azəristiliktəchizat” ASC-də geniş təqdimat keçirmişlər.

        Təqdimat böyük maraqla qarşılanmışdır.

          Elm-İstehsalat “Stels” şirkətinin Baş direktoru T.Rimarenko ilə keçirilən görüşdə birgə əməkdaşlıq imkanları müzakirə olunmuş, ilk növbədə bir pilot layihəsinin həyata keçirilməsi üçün təklif verilmişdir.