2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri haqqında

2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri haqqında

2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılmışdır.

İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 01 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilmişdir.

Tədbirlər planına əsasən 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılmış, 531 odluq təmir olunmuş, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunmuş, 1190 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənmiş, qazanlarda 1810 m2 izolyasiya örtüyü və 925 metr2 kərpic örtüyü təmir olunmuşdur. İstilik şəbəkəlirində 22779 ədəd siyirtmə və ventil təftiş olunmuş, onlardan 12916 ədədi əsası və cari təmir olunmuş, 825 ədədi isə yenisi ilə əvəz olunmuşdur. Magistral və məhəllədaxili istilik xətlərində 16732 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11018 m2 dam örtüyü təmir edilmişdir. Bundan başqa 474 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənmiş, 590 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənmiş və Na-kationit süzgəclərində 7 ton kationit materialları dəyişdirilmişdir.

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülmüşdür. Belə ki, 990 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılmış, 8400 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunmuş, 371 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılmışdır.

Bundan başqa 1893 ədəd qoruyucu klapan və 2246 ədəd əks klapan, 515 ədəd ehtiyat su çəni təftiş və təmir olunmuş, 2970 ədəd çirktutan təmizlənmiş və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 km qaz xətti və 485 ədəd qaz kəsici klapan yoxlanılmış, 1809 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənmiş istismara yararsız olanlar yenisi ilə əvəz olunmuşdur.

Cəmiyyətə məxsus 230 qazanxana və istilik məntəqəsində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılmışdır ki, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir.

“Azəristiliktəchizat” ASC tərəfindən ümumilikdə 10 xidmət, o cümlədən:

- İstehsal edilmiş isti suyun satışı;

- İstehsal edilmiş istiliyin satışı;

- Abonent məlumatlarının dəyişdirilməsi;

- Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi;

- Borcun olmaması (və ya olması) haqqında sənədin verilməsi;

- Əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması;

- İsti su sayğaclarının istismarında yaranmış qüsurun aradan qaldırılması ilə bağlı müraciət;

- İsti su sayğaclarının quraşdırılması üçün müraciət;

- İstilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi;

- Qeyri əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması ilə bağlı xidmətlər “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirilir.

Payız qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar tərəfindən də yaşayış binaları , mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəsələrində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərinin qarşısının alınması üçün tədbirlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır.