İstilik haqlarının ödənilməsi üçün abonent kodunu necə öyrənmək olar?

Abonent kodlarının öyrənilməsi üçün 012-480-45-62, 012-371-48-13 nömrəli telefonlara, “Azəristiliktəchizat” ASC-ni 956 saylı “Qaynar xətti”nə, əraziyə xidmət göstərən İstilik Sistemləri İstismar Sahəsinin telefonlarına (bildiyiniz halda) zəng edərək və yaxud info-amx@azeristiliktechizat.az elektron ünvanına məktub göndərməklə dərhal əldə edə bilərsiniz.

İstilik haqlarının harada və necə ödəmək olar?

İstilik haqlarını istənilən bank və poçt şöbələrində və eyni zamanda plastik kart vasitəsi ilə internet üzərindən (apus.az, hesab.az, kassam.az saytları, eyni zamanda e-manat.az, easypay.az, millon.az saytları və aparatları vasitəsi ilə) ödəyə bilərsiniz.

Mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmədiyiniz halda abonentlərin siyahısında müvafiq qeydiyyat aparılması üçün nə etmək lazımdır?

Əgər yaşadığınız bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmasına baxmayaraq, Sizin mənziliniz digər vasitələrlə (kombi və s.) qızdırılıdığı və mənzildə mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunmursa, bu zaman mənzildən keçən istilik xətləri – dik dayaqlar toxunulmaz qalmaq şərti ilə qızdırıcı cihazlar şəbəkədən ayrılmalı və “Azəristiliktəchizat” ASC-yə bu barədə müraciət etməlisiniz. “Azəristiliktəchizat” ASC-nin əməkdaşları tərəfindən Sizin iştirakınızla mənzilinizə baxış keçirilib bu barədə müvafiq akt tərtib edilərək Abonent və Müştəri Xidmətlərində mənzilinizdə mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunmaması ilə bağlı müvafiq qeydiyyat aparılacaqdır.

Texniki şərtlər hansı hallarda verilməlidir?

-yeni tikilən obyektlərin istilik və istu su təchizatı üçün;

-istehlakçıya məxsus istilik istehlakı qurğularının genişləndirilməsi və ya yenidən qurulması ilə əlaqədar istehlak edilən istilik gücünün dəyişməsi (və ya istilik daşıyıcılarının parametrlərinin dəyişməsi) nəticəsində mövcud texniki şərtin tələblərindən kənara çıxma olduqda;

-istilik mənbələrinə əvvəllər qoşulmamış obyektlərin qoşulması və xarici istilik və isti su təchizatı sxeminin dəyişməsi ilə əlaqədar;

-mövcud torpaq sahəsinin ərazisindən istilik şəbəkələrinin çıxarılması ilə əlaqədar (mövcud torpaq sahəsinin ərazisindən istilik şəbəkələrinin çıxarılması üçün verilən texniki şərt istilik və isti su təchizatı xidmətlərinin göstərilməsi üçün texniki şərtin verilməsinə əsas vermir);

-istilik şəbəkələrinin yenidən qurulması.

Texniki şərtin alınması üçün hansı sənədlər təqdim edilməlidir?

Texniki şərtlər almaq üçün sifarişçi ərizə ilə müraciət etməlidir.

Ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir:

-sifarişçi hüquqi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN barədə məlumatlar, fiziki şəxs olduqda isə - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar;

sifarişçinin istilik təchizatı mənbələrinə qoşulması nəzərdə tutulan obyektin və ya obyektin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer);

sifarişçinin istilik təchizatı mənbələrinə qoşulması nəzərdə tutulan obyektinin təyinatı və fəaliyyət növü;

tələb olunan istilik gücü və istehlakın növləri (texnoloji, isitmə, isti su);

sifarişçinin elektron ünvanı (elektron ünvanı olduqda), telefon və faks nömrəsi.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

sifarişçi hüquqi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda – dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

sifarişçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd;

obyektin istilik və isti su təchizatı layihəsi olduğu halda:

obyekti xarakterizə edən göstəricilər;

tikintinin normativ müddəti və istismara verilmə tarixi;

istilik təchizatı mənbələrinə qoşulması nəzərdə tutulan obyektin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd.

Hansı hallarda Texniki şərtlərin verilməsindən imtina edilir?

nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda);

təqdim edilən sənədlərdə qeyri-dürüst məlumatlar olduqda;

istilik və isti su təchizatı xidmətlərinin göstərilməsi nəzərdə tutulan obyektin yerləşdiyi əraziyə yaxın ərazidə istilik mənbəyi və ya mövcud istilik mənbəyində tələb olunan həcmdə sərbəst istilik gücü olmadıqda (təsdiqedici sənəd və hesabatlar təqdim edilməklə).