Gördüyümüz işlər

 

“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.

“Azəristiliktəchizat” ASC yaradıldıqdan sonra ilk növbədə onun tərkibinə verilmiş qazanxana və digər istilik təsərrüfatı obyektləri, istilik istehlakçıları, o cümlədən təhsil və səhiyyə müəssisələri, yaşayış binaları, digər sosial obyektlər inventarizasiya edilərək istilik təchizatının real səviyyəsi tam araşdırılmış və araşdırmaların nəticələri və ekspert qiymətləndirmələri, istilik təchizatı sahəsində qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınaraq Bakı şəhərində və respublikanın regionlarında əhalinin və iqtisadiyyatın istilik təchizatının yaxşılaşdırılması üçün yeni istiqamətlər müəyyən edilmişdir ki, onun da əsas mahiyyəti aşağıdakılardan ibarət olmuşdur :

Ötən əsrin 60-70-ci illər texnologiyalarına əsasən yaradılan və bu gün qeyri effektiv fəaliyyət göstərən mərkəzləşdirilmiş istilik mənbələrinin əhatə dairəsinin məhdudlaşdırılması və tədricən ləğv edilərək müasir avadanlıqlar quraşdırılmaqla məhəlli qazanxanaların yaradılması ilə bağlı tədbirlərinin həyata keçirilməsi;

İstiliklə təmin edilməyən ərazilərin, məhəllə və binaların müəyyənləşdirilməsi, onların istilik təchizatı üçün istilik variantlarının müəyyənləşdirilməsi, müvafiq olaraq yeni istilik təchizatı sistemlərinin qurulması;

Mövcud istilik təchizatı mənbələrinin modernləşdirilməsi.

Bu vəzifələrin icrası ilə bağlı 2005-2021-ci illərdə Bakı şəhərində və respublikanın regionlarında 181 yeni istilik mənbəyi, o cümlədən təhsil və səhiyyə müəssisələrinə aid olan 113 istilik mənbəyi yaradılmış, 114 köhnə tipli qazanxana, o cümlədən təhsil və səhiyyə müəssisələrinə aid 58 qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilmiş, rayon istilik qazanxanalarından qidalanan 57 istilik məntəqəsi yenidən qurularaq müasir qazanxaya çevrilmiş, 280 qazlaşdırma layihəsi icra edilmiş, 9 istilik məntəqəsi əsaslı təmir olunmuş, 1871 yaşayış binasının aşağı paylama istilik xətləri əsaslı təmir edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 8 may tarixli 2642 nömrəli "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrası ilə əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla ilkin mərhələdə 6 qazanxananın tikintisi və müxtəlif təyinatlı 16 binanın məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq 01 noyabr tarixindən işə salınmışdır. Hazırda daha bir qazanxananın tikintisi davam etdirilir

Yeni qazanxanaların tikintisi və ya modernləşdirilməsi ilə bərabər məhəllədaxili istilik xətlərin yenidən qurulması, binaların aşağı paylama istilik sistemlərinin tam bərpası layihəyə daxil edilmişdir.

Yeni tikilən və modernləşdirilən qazanxanalarda Avropa ölkələrində istehsal edilən enerjiyə qənaət və ekoloji tələblərə tam cavab verən müasir qazanxana və istilik şəbəkəsi avadanlıqları quraşdırılır.

Cəmiyyətin mütəxəssisləri tərəfindən "Modul" tipli daşınan istilik qazanxanasınınvə “Kombi” və "Kaskad" tipli istilik sistemlərinin tətbiqi ilə bağlı texniki əsaslandırma hazırlanmış, mövcud qanunvericiliyə uyğun olaraq bütün razılaşdırmalardan keçirilərək Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı alınaraq həyata keçirilməyə başlamışdır. Bu qazanxanalar orta və kiçik həcmli təhsil və səhiyyə obyektlərinin istilik təchizatı problemlərinin həllində əhəmiyyətli rol oynayır.

 

Həyata keçirilən tədbirlər hazırda 563 qazanxana istismar edilməklə 3870 yaşayış binası, 277 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə obyekti və 1980 digər sosial obyekti istiliklə təmin etməyə imkan vermişdir ki, bu da 2004-2005-ci illərlə müqayisədə 2021-2022-ci illər istilik mövsümündə istilik mənbələrinin sayının 397 ədəd və ya 3,4 dəfə, yaşayış binalarının sayının 2882 ədəd və ya 3,9 dəfə, məktəblərin sayının 131 ədəd və ya 1,9 dəfə, uşaq bağçalarının sayının 76 ədəd və ya 1,9 dəfə, səhiyyə obyektlərinin sayının 100 ədəd və ya 2,6 dəfə, digər obyektlərin sayının 1889 ədəd və ya 21,7 dəfə artması deməkdir.

 

Hazırda Bakı şəhəri və respublikanın regionlarında istilik təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində “Azəristiliktəchizat” ASC tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı zəruri işlər görülməkdədir və bu tədbirlər əvvəlki illərdə həyata keçirilmiş layihələrin davamı olaraq Azərbaycan Respublikasında istilik təchizatının yaxşılaşdırılmasına həsr olunmuşdur və ekoloji cəhətdən təmiz, müasir tipli effektiv texnologiyalar tətbiq etməklə istilik təsərrüfatı üzrə lazımi işlərin başa çatdırılması və müvafiq istilik qurğularının, mənbələrinin bərpası, modernləşdirilməsi, yeni qazanxanaların tikintisi, istilik təchizatı sistemlərinin yenidən qurulması və bununla da istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılmasını nəzərdə tutur.