Göyçay rayonunda vətəndaşların qəbulu keçirilib

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan  vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Göyçay rayon icra başçısı Natiq Ağayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, onların Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, həlli araşdırma tələb edən məsələlər aidiyyəti şöbələrin icraatına göndərilib.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər

Sədrin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və "Azəristiliktəchizat" ASC-nin  nümayəndələri qəbuldan sonra Göyçay şəhəri,  Heydər Əliyev prospektində yerləşən Bayraq Muzeyində olublar, muzeyin əməkdaşları nümayiş etdirilən eksponatlar haqqında qonaqlara ətraflı məlumat veriblər.