“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev 20 oktyabr 2022-ci il tarixində saat 10:00-da Xaçmaz şəhərində vətəndaşların qəbulunu keçirib. Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində keçirilən vətəndaş qəbulunda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən şəhərlərinin sakinləri iştirak ediblər. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq, əziz xatirəsinə dərin ehtiram ifadə edilib. Daha sonra "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini icra edən İlham Mirzəliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı 20 oktyabr Energetiklərin peşə bayramı günü münasibəti ilə bir qrup energetiklə görüşüb.
Xaçmaz Rayon İcra Haklimiyyətinin başçısı Elnur Rzayev bu əlamətdar gün münasibətilə energetikləri təbrik edərək, bu günün özünəməxsus tarixi əhəmiyyətindən danışıb.
İcra başçısı ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verildiyi tarixin ölkə başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə energetiklərin peşə bayramı günü kimi təsis edilməsini dövlətin energetika sektorunda çalışan insanların əməyinə qiyməti kimi dəyərləndirib.
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib ki, elektroenergetika sektorunun modernləşməsi və dünyada cərəyan edən qlobal dəyişikliklərə, yeni çağırışlara uyğun inkişaf etdirilməsi energetikləri qarşısında duran başlıca vəzifələrdir.
Energetiklər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində fotostendlərlə tanış olmuşdur. Mərkəzin əməkdaşları tərəfindən muzeydə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi barədə olan fotostendlər barədə ətraflı məlumat verilmişdir. Daha sonra “Azəristiliktəchizat” ASC rəhbərliyi Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların müraciət və təkliflərini dinləyib.
Sakinlərin cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.