Payız-qış mövsümündə regionlarda istilik təchizatı ilə bağlı problem yaşanmayacaq.

"Azəristiliktəchizat" ASC-nin istilik təsərrüfatlarının 2022-2023-cü illər payız-qış mövsümünə hazırlanmasına dair təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti ilə bağlı Regional İstilik Sistemləri İstismar Sahələrinin rəislərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala və Mingəçevir İstilik Sistemləri İstismar Sahələrinin rəhbərləri iştirak edib və istilik mövsümünə hazırlıqla bağlı hesabat təqdim ediblər. Qazanxana, elektrik, nəzarət ölçü cihazları, avtomatika və istilik şəbəkəsi avadanlıqları, həmçinin qaz təsərrüfatlarına aid əsaslı və cari təmir işlərinin müəyyən edilmiş müddətlərdə başa çatdırılması və ümumilikdə istilik təsərrüfatlarının mövsümə tam hazır olmasının təmin edilməsi birmənalı şəkildə müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

"Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qarşıda duran vəzifələr və Cəmiyyətin fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər haqqında müşavirə iştirakçılarını məlumatlandırıb. Müvafiq tapşırıqlar verilməklə, yaşayış binaları, təhsil və səhiyyə müəssisələrinin keyfiyyətli istilik təchizatının təmin edilməsi üçün qeyd edilən obyektlərin binadaxili istilik sistemlərində zəruri təmir bərpa işlərinin aparılması məqsədi ilə balanssaxlayıcıları ilə mütəmadi görüşülməsi və lazımi texniki dəstəyin verilməsi zəruriyyəti Regional İstilik Sistemləri İstismar Sahələrinin rəhbərlərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, 2022-2023-cü illər istilik mövsümündə respublikanın regionlarında Cəmiyyətə məxsus 203 qazanxana istismar edilməklə 97 məktəb, 33 uşaq bağçası, 47 səhiyyə, 28 təsərrüfat obyekti və 95 büdcədən maliyyələşdirilən digər təşkilatların istiliklə təmin edilməsi proqnozlaşdırılır.