“Azəristiliktəchizat” ASC-də payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib

"Azəristiliktəchizat" ASC-də 2022-2023-cü illər payız-qış mövsümünə hazırlığın vəziyyətinə dair geniş müşavirə keçirilmişdir. Müşavirədə Bakı şəhəri üzrə İstilik Sistemləri İstismar Sahələrinin,  aidiyyəti xidmət və şöbələrin rəhbərləri iştirak etmişdir.
    Müşavirədə çıxış edən “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qeyd edib ki, qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işləri Cəmiyyət rəhbərliyinin və aidiyyəti qurumların diqqət mərkəzində saxlanılıb, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq əhəmiyyətli işlər görülmüşdür ki, bu da  qış aylarında yaşayış binaları və inzibati binaların, təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərinin isidilməsinə, bu sahədəki çətinliklərin aradan qaldırılmasına imkan verəcək.
    Bu ilki mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3879 yaşayış binası, 280 məktəb,160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi və 2052 sosial və təsərrüfat obyektləri istiliklə təmin edilməsi nəzərdə tutulur və bu məqsədlə 1000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri, 1300-dən artıq qazan aqreqatı, 3000 nasos avadanlığı,  512 istilik mübadilə qurğusu və texniki rejim parametrlərinin saxlanılması üçün  20000-dən artıq müxtəlif tənimləyici və nizamlayıcı armaturlar istismar olunacaqdır.
       İclasda çıxış edən İstilik Sistemləri İstismar Sahələrinin məsul şəxsləri qazanxanaların, məhəllədaxili və binadaxili istilik xətlərinin cari vəziyyəti barədə məruzə ediblər. Aparılan təmir-bərpa işləri haqqında məlumat verən sahə rəisləri payız-qış mövsümünə hazırlıq və aradan qaldırılmalı olan çatışmazlıqlar haqqında da məlumat veriblər. 
    Qeyd edilmişdir ki, mövsümə hazırlıq tədbirləri çərçivəsində 6,3 km müxtəlif diametrli istilik xətləri əsaslı təmir olunmuş, 460 ədəd dirsək dəyişdirilmiş, 22 ədəd qazan aqreqatı əsaslı, 428 ədədi cari təmir olunmuş, 263 ədəd qazan aqreqatı mexaniki və 34 ədəd  kimyəvi  üsulla təmizlənmiş, 2332 ədəd nasos, 10014 ədəd müxtəlif diametrli siyirtmələr, 2128 ədəd mühərrik, 361 ədəd elektrik avadanlıqları və 396 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1097 ədəd genişləndirici çən təftiş olunmuş, zəruri təmir-bərpa işləri aparılaraq tam işçi vəziyyətə gətirilmişdir və hazırda işlər davam etdirilməkdədir.
        “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev əhalinin istilik təchizatının fasiləsiz və keyfiyyətli təminatı məqsədi ilə müvafiq tapşırıqlar verib, nəzərdə tutulmuş işlərin müəyyən edilmiş müddətlərdə başa çatdırılması ilə bağlı bütün tədbirlərin görülməsi zəruriyyəti müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.  
    Bununla bərabər müvafiq İstilik Sistemləri İstismar Sahələrinin rəhbərlərinə xidmət zonalarına daxil olan təhsil və səhiyyə müəssisələri, həmçinin yaşayış binalarında monitorinqlərin aparılması, aşkar edilmiş çatışmazlıqları rəsmi şəkildə qeyd edilən obyektlərin balans saxlayıcılarına çatdırılması və bu çatışmazlıqların onlar tərəfindən aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilmişdir.