Şirvan şəhərində vətəndaşların qəbulu keçirilib

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev 21 iyul 2022-ci il tarixində saat 11:00-da Şirvan şəhərində vətəndaşların qəbulunu keçirib. Şirvan şəhər Heydər Əliyev Mərkəzində keçirilən vətəndaş qəbulunda Şirvan və Hacıqabul şəhərlərinin sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq, əziz xatirəsinə dərin ehtiram ifadə edilib. Daha sonra, şəhərdə qonaq olan "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Şirvan şəhərində Heydər Əliyev Mərkəzində olmuş, Ulu Öndərin zəngin həyat yolunu özündə əks etdirən fotostendlərlə tanış olmuşdur. Mərkəzin əməkdaşları tərəfindən Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Ziyarətdən sonra sakinlər qəbul edilmişdir.

Sakinlərin cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.